Ümumi
ərazi, [kv.km] 1023.00
Əhalinin
ümumi sayı 98 min 123
Kəndlərin sayı
- 72
Qəsəbələrin sayı -
2
Ağdaş ərazisində insanlar lap qədim
zamanlardan məskunlaşmışlar. Qədim yunan müəllifi
Starbon (e.ə. I əsr) qeydlərində bu ərazilərdə
insanların məskunlaşdığı, təsərrüfat fəaliyyəti ilə
məşğul olmaları, Türyançay çayının orta və aşağı
axarında yaşayan əhalinin bu çaydan təsərrüfat və
gəmiçilik məqsədilə geniş istifadə etdiklərini
yazırdı.
Təbii iqlim və torpaq şəraiti burada lap
qədimlərdən əkinçilik və maldarlığın inkişafı üçün
əlverişli imkan yaratdığından bu ərazilərdə əkinçilik
mədəniyyəti yüksək inkişaf etmişdi. Ona görədə tarixən
bu yerlərdə yüksək keyfiyyətli taxıl becərilmiş, meyvə
yetişdirilmiş, ipəkçilik, sonralar isə pambıqçılıq geniş
yayılmışdı.
Orta əsrlərin son dövrlərində Ərəş
adlanan bu ərazi Şirvan bəylərbəyliyinin tabeliyində
idi. Buranı "Sultan" titülü daşıyan feodal hakimlər
idarə edirdilər. Sonralar Səfəvi-Osmanlı müharibələrində
əldən-ələ keçən Ərəş sultanlığı xeyli zəiflədi və 18-ci
əsrin 50-ci illərində Şəki xanlığının vassalına
çevrildi. 1795-ci ildə isə Sultanlıq ləğv edilərək Şəki
xanlığına qatıldı.
Çarizmin 1873-cü ildə Qafqazda
həyata keçiridiyi inzibati islahata əsasən Yelizavetpol
quberniyasının tərkibində Ərəş qəzası yaradıldı. Qəzanın
ərazisi 3212,5 kv.km. əhalisi isə 52371 nəfər idi.
Ərəş qəzası 1929-cu ildə ləğv edilmiş, 1930-cu
ildən Ağdaş rayonu yaradılmışdır. Rayonun mərkəzi XVI
əsrdə salınmış, 1900-cu ildən şəhər statusu daşıyan
Ağdaş şəhəridir.
Rayonun ərazisində orta əsrlərə aid
tarixi abidələr, qala və müdafiə tikililərinin qalıqları
mövcuddur. Bunlardan ən mühümü XVIII əsrə aid edilən
Surxay qalasıdır. Bu qala Türyançay dərəsi ilə Göyçay
dərəsi arasında Ərəb kəndi yaxınlığında yerləşir.
Ağdaş rayonunun əlverişli coğrafi mövqeyi və
təbii şəraiti hələ XIX əsrin sonralarında burada texniki
bitkilərin əkilib-becərilməsinə və onların dünya
bazarına çıxarılmasına imkan vermişdi. 1883-cü ildən
Bakı-Tiblis dəmir yolu çəkildikdən sonra onsuz da
əhəmiyyətli ticarət yollarının üstündə yerləşən Ağdaşda
emal müəssisələri qurulmağa başladı. Məhsul tədarükü və
xarici bazarlara daşınması, ticarətin və iqtisadiyyatın
inkişafına səbəb oldu.
1887-ci ildə Poznan
şirkətinin Lodz kontorunun müdiri Ramendik Ağdaşa
gələrək burada pambıq alıcı məntəqələri açmış, pambığın
ilkin emalı və qablaşdırılması üçün 4 ədəd kotton-çin
dəzgahı və bir press qurmuşdu. Artıq 1897-ci ildə
Ağdaşda kotton-çin maşınlarından ibarət 7 zavod
fəaliyyət göstərirdi. Beləliklə, XIX əsrin ikinci
yarısından başlayaraq Avropanın qabaqcıl toxuculuq
mərkəzləri ilə əlaqə saxlayan Ağdaş XIX əsrin sonunda
bütün Qafqazda pambıq istehsalı, emalı və satışının
mərkəzinə çevrilmişdi. Qafqaz pambıqçılarının I
Qurultayının 1904-cü ildə Ağdaşda çağırılması da bunu
sübut edir.
1888-ci ildə Ağdaş bazarında 3100
pud pambıq satılmışdırsa, 1892-ci ildə bu rəqəm 28000
puda çatmışdı.
XIX əsrin 70-ci illərində fəaliyyət
göstərən Ağdaş bazarında pambıqdan başqa digər ənənəvi
məhsullar da satılırdı. XX əsrin əvvəllərində "Qafqaz"
qəzeti yazırdı ki, "Ağdaş xaricə, Marsel və İtaliyaya
göndərilən həm bütün xam ipəyi, həm də baramanı özündə
cəmləşdirən mərkəzdir".
1886-cı ildə Ləkidə
tikilmiş biyan kökü emalı zavodunda istehsal olunan
lakritsa boyası Amerika və Fransaya ixrac edilirdi.
Ağdaşda meyvəçilik də yüksək inkişaf etmişdi. 1900-cu
ildə Ləki dəmiryol stansiyası vasitəsi ilə 69745 pud
qoz-fındıq, 71017 pud digər müxtəlif meyvələr tədarük
edilərək xarici bazarlara daşınmışdı.
Ağdaşda
iqtisadiyyatın inkişafı ilə yanaşı onun maarif və
mədəniyyəti də inkişaf edirdi.
Azərbaycanda açılan
ilk dünyəvi təhsil ocaqlarından biri də 25 oktyabr
1882-ci ildə Ağdaşda görkəmli maarifçi Süleyman Qayıbov
tərəfindən əsası qoyulan "Rus-tatar" məktəbi olmuşdur. O
dövrdə Azərbaycanda fəaliyyət göstərən bu tipli 3
məktəbdən birinin məhz Ağdaşda açılmış heç də təsadüfi
deyildir. Çünki ondan əvvəl Ağdaşda yaxşı təhsil
bazasına malik 20-yə qədər mədrəsə fəaliyyət göstərirdi.
XX əsrin əvvəlində Ağdaşda "Nəşri-Maarif" cəmiyyəti,
qiraətxana, "Səadət" qızlar məktəbi, "Darülirfan",
"Ruşdiyyə" kimi tədris ocaqları fəaliyyət göstərirdi. Bu
məktəbdə Muxtar Əfəndizadə, Hədiyyə xanım Məmmədzadə,
Həsən Əfəndiyev kimi maarifçi ziyalılar çalışırdılar.
Məhz belə marifçilik bazası üzərində sonralar Ağdaşda
təhsilin səviyyəsi yüksək xətlə inkişaf etmişdir.
Rayonda Pedaqoji məktəb, Tibb məktəbi, Kənd Təsərrüfatı
texnikumu, Peşə məktəbləri açılmış, bəziləri bu gün də
fəaliyyət göstərir. Təsadüfi deyil ki, ümummilli
liderimiz Heydər Əliyev Ağdaş şəhər 3 nömrəli
beynəlmiləl orta məktəbin 120 illik yubileyi
münasibətilə kollektivə göndərdiyi təbrik məktubunda
(29.XI.2002) Ağdaş təhsilinə yüksək qiymət vermişdir.
Ağdaş mədəniyyəti və incəsənəti dərin köklərə
malikdir. 10 aprel 1908-ci ildə Zülfüqar Hacıbəyovun
yaxından iştirakı ilə Rəşid bəy Əfəndiyevin "Qan ocağı"
adlı əsəri ilə fəaliyyətə başlayan Ağdaş teatrı rayonun
mədəni həyatında böyük rol oynamışdır. 1940-cı ildə bu
rayondan deputat seçilmiş görkəmli Azərbaycan şairi
S.Vurğunun təşəbbüsü ilə Ağdaş teatrına Dövlət Dram
Teatrı statusu verilmiş, teatrın səhnəsində "Leyli və
Məcnun", "Əsli və Kərəm", "O olmasın, bu olsun," "Arşın
malalan" kimi klassik əsərlər oynanılmışdır. 1960-cı
ildən teatr Xalq Teatrı kimi fəaliyyət göstərir.
1936-cı ildə Əhməd Ağdamskinin rəhbərliyi altında
Ağdaşda ilk 7 illik musiqi məktəbi açılır. Habib Əliyev,
Munis Şərifov, Ramiz Hacıyev kimi tanınmış musiqiçilər
bu məktəbin məzunları olmuşlar.
Beləliklə əlverişli
təbii-coğrafi şəraitə malik olan Ağdaş fədakar və
istedadlı insanların fəaliyyəti nəticəsində inkişaf
edərək böyük bir tarixi yol keçmişdir. Bu zaman özünün
sosial-iqtisadi və mədəni inkişafının ən yüksək
səviyyəsinə Azərbaycanın hər yerində olduğu kimi
ümumilli liderimiz Heydər Əliyevin respublikaya
rəhbərlik etdiyi keçən əsrin 70-ci illərində çatmışdır. |